Cüdo: Veteranlarımızdan Avropa çempionatında daha 6 medal

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində veteranlar arasında təşkil olunmuş cüdo üzrə Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, Azərbaycanın veteran cüdoçuları ötən gün daha 6 medal qazanıblar.

Yarışın ikinci günündə cüdoçularımız 2 qızıl və 4 bürünc medal əldə ediblər.

M3 və M4 yaş kateqoriyaları üzrə 14 cüdoçumuz tatamiyə çıxıb.
M3 yaş kateqoriyası üzrə Vüqar Babayev (-66 kq) qızıl medal əldə edib. Mənsur Abbasov (-60 kq), Azər Fətullayev (-81 kq) və Nizami Məmmədov (-100 kq) bürünc medal qazanıblar. Valeri Fomin (-100 kq) 5-ci, Ramil Muradov isə 7-ci yerlə kifayətləniblər.

M4 yaş kateqoriyası üzrə yarışan Emil Hüseynov (-100 kq) da qızıl medal qazanmaqla Avropa çempionu olub. Əli Əlibəyli (-73 kq) isə bürünc mükafat qazanıb. Babək Hacıyev (-60 kq), Rəfael Mehdiyev (-66 kq), Rauf Fərzəliyev (-81 kq) və Mahir Ağamirzəyev (-90 kq) isə yarışı 5-ci yerdə tamamlayıblar.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə cüdo yığmamızın digər üzvlərindən Fərhad Rəcəbli (90 kq) qızıl, Nazim Əliyev (90 kq) və Vahid Azərpur (66 kq) bürünc medal qazanmışdılar.