Cüdo: Yeniyetmələr Koimbradan 5 medalla qayıdırlar

Mayın 25-26-da Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku keçirilib.

Arena.az xəbər verir ki, turnirdə 23 ölkədən 547 idmançı iştirak edib.

Azərbaycan yarışda qızlar və oğlanlar arasında 6 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunub. Azərbaycan cüdoçuları bu turnirdə 3 gümüş və 2 bürünc medal əldə ediblər.

Cüdoçularımız yarışın ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıblar. Oğlanlar arasında Nihad Rəhimov (60 kq) gümüş medal qazanıb. Eyni çəki dərəcəsindəki digər təmsilçimiz Özqan Quliyev 7-ci yerə çıxıb. 66 kq çəki dərəcəsində yarışan Səlim Sultanov gümüş, Kənan Sadıqov bürünc medal əldə edib, Ramil Mahmudov isə yarışı 5-ci yerdə başa vurub. Qızlar arasında Aysun Məmmədova (52 kq) da 5-ci yeri tutub.

Turnirin ikinci günündə qızlar arasında Aytən Verdiyeva (57 kq) bürünc medal əldə edib. Oğlanların yarışında isə Hüseyn Eyvazlı (90 kq) gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 6-cı olub. Komandamız oğlanlar arasında 4-cü yeri, qızlar arasında isə 7-ci yeri tutub.

Qeyd edək ki, cüdo yığmamıza yeniyetmə oğlanlardan ibarət komandanın məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: