Polşanın paytaxtı Varşava şəhərində keçirilən cüdo üzrə “Açıq Avropa” turnirinə yekun vurulub. Arena.az xəbər verir ki, turnir Azərbaycan idmançıları üçün uğurlu olub.
34 ölkədən 493 idmançının iştirak etdiyi yarışda Azərbaycan yığma komandası 6 çəki dərəcəsində ümumilikdə 13 idmançı ilə təmsil olunub. Cüdoçularımız ilk gündə bütövlükdə 4 (2 qızıl, 1 gümüş və 1 bürünc) medal qazanmışdılar. Son gündə komandamız daha bir medal qazanıb. Belə ki, +100 kq çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz İmran Yusifov bürünc medal qazanıb. O, həlledici görüşdə fransalı rəqibi Adrien Qeoffroya qalib gəlib.
Xatırladaq ki, turnirin birinci günü -60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əhməd Yusifov qızıl, Rövşən Əliyev bürünc medal qazanmışdı. -66 kq çəki dərəcəsində İbrahim Əliyev qızıl, İsmayıl İbrahimov isə gümüş medala sahib çıxmışdı.
Beləliklə, cüdo yığmamız “Açıq Avropa” turnirini 5 medalla başa vurub. Yekun nəticələrə görə, komandamız sıralamada ümumi hesabda üçüncü, kişilər arasında isə birinci yerdə qərarlaşıb.


