Cüzeppe Marotta: “Simone İnzaqinin keçdiyi yol qeyri-adidir”

“İnter”in baş direktoru Cüzeppe Marotta “neradzurri”nin baş məşqçisi, italyan mütəxəssis Simone İnzaqi haqda danışıb.

Arena.az “Inter Xtra” dərgisinə istinadən məlumat verir ki, Marotta, İnzaqinin “İnter” üçün “Mançester Yunayted”dəki işi ilə tanınmış məşhur şotland mütəxəssis Aleks Ferqyusona çevrilə biləcəyi sualını cavablayıb:

“İnzaqinin keçdiyi yol qeyri-adidir. O, nəbzi tutdu və bu oyunun bir hissəsi olan tənqid və təzyiqlərə yaxşı dözdü. O, özünü əla məşqçi kimi sübut etdi. İnzaqi komandaya çox yaxşı futbol aşılayır, nəticə gətirir, bizim xoşumuza gəlir və biz bunu mümkün qədər uzun müddət saxlamaq istəyirik”, deyə Cüzeppe Marotta vurğulayıb.

“İnter”ə uğurla rəhbərlik edən italyan mütəxəssis “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. İnzaqinin “İnter”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 143 oyun, 95 qələbə, 24 heç-heçə, 24 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 280:119 nisbətindədir.

İtalyan mütəxəssis “İnter”ə 2 dəfə İtaliya Kubokunu, 3 dəfə isə İtaliya Super Kubokunu qazandırıb.