“Real”ın sağ cinah müdafiəçisi Dani Karvaxal kapitan Naço Fernandesin İspaniya nəhəngindən ayrılması ilə bağlı fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, təcrübəli oyunçu komanda yoldaşının Madrid klubundan gedişi barədə bunları söyləyib:
“Ona uğurlar arzulayıram. Mən Naçonun getdiyinə görə çox təəssüflənirəm, çünki bütün həyatım boyu onunla olmuşam. İstədiyi Çempionlar Liqasını qazanaraq, komandanın vacib oyunçusuna çevrilərək, çox yüksək səviyyədə çıxış edərək, Avropa çempionatına çağırılaraq ayrılır. Bilirəm ki, bu qərarı vermək onun üçün çətin idi, amma düşünürəm ki, bu, onun üçün ən yaxşısıdır və o, müvafiq qərarını verdi”, deyə Dani Karvaxal bildirib.
Xatırladaq ki, Naço Fernandes “Real”ın futbol akademiyasının yetirməsidir. O, bütün karyerasını Madrid klubuna həsr edib.
2007-ci ildə “qaymaqlılar”ın düşərgəsinə daxil olmuş Naço 2012-ci ilin sentyabrında “Real”ın əsas komandasına keçirilib.
Ümumilikdə Naço “Real”ın heyətində 364 oyuna çıxıb, 16 qol, 10 məhsudlar ötürmə ilə fərqlənib.
Naço Fernandes “Real”la bütün ali futbol qənimətlərini qazanıb. O, xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriçlə birlikdə 26 qənimətlə “Real” tarixinin ən zəngin oyunçusudur.
İspan futbolçu bu yay “Real”dan azad agent kimi ayrılıb və Qətərin “Əl-Kadisiya” klubu ilə 2 illik müqavilə bağlayıb.
Naço Fernanses 2013-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 26 oyuna çıxıb, 1 qol vurub və 1 məhsudlar ötürmə verib. Naço “qırmızı qəzəb”lə 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı ispan müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


