“Real”ın və İspaniya yığmasının sağ cinah müdafiəçisi Daniel Karvaxal mövqeyində özünü dünyanın ən yaxşı oyunçusu hesab edir.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə sualı belə cavablayıb:
“Ötən mövsümü dəyərləndirsək, belə düşünürəm. Öz güvəncim naminə belə düşünməyi üstün tuturam. Yaxşı il idi. Çempionlar Liqasını qazandıq, hətta qol vurdum. La Liqanı qazandıq və indi İspaniya yığması ilə Avropa çempionatında mümkün qədər irəli getmək istəyirik”, deyə Dani vurğulayıb.
Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. O, tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə Karvaxal “Real”ın heyətində bütün yarışlarda 41 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Karvaxalın “Real” karyerası bütövlükdə 416 oyun, 13 qol və 64 məhsuldar ötürmədən ibarətdir.
Daniel “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 47 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib və “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


