Daniel Karvaxal “Real”dan sonra Avropa klubunda oynamayacaq

“Real”ın və İspaniya yığmasının sağ cinah müdafiəçisi Daniel Karvaxal “kral klubu”ndan kənar gələcəyi ilə bağlı fikirlərini paylaşıb.

Arena.az “Marca” nəşrinin “Cadena SER” dərgisinə istinadı əsasında, ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Klubdan ayrılma növbəsi mənə çatan gün, hazırda hansı mövqedə olduğumu, neçə yaşında olduğumu qiymətləndirəcəyəm. Amma “Real”dan sonra heç bir Avropa klubuna getməyəcəyəm, sizə zəmanət verirəm”, deyə Karvaxal vurğulayıb.

Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. O, tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Karvaxal “Real”ın heyətində bütün yarışlarda 41 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

Daniel “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 46 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib və “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: