DÇ-2022: Afrikanı mundialda təmsil edəcək komandalar bəlli oldu

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, bu gün həlledici qarşılaşmalar keçirilib və Afrikanı mundialda təmsil edəcək bütün komandaların adına aydınlıq gəlib.

Ən maraqlı görüşlərdən biri Seneqal və Misir yığmaları arasında baş tutub. Bir müddət əvvəl keçirilən Afrika Millətlər Kubokunun final matçında da bu komandalar üz-üzə gəlmiş və Seneqal yığması penaltilər seriyasında sevinən tərəf olmuşdu. Bu dəfə də sözügedən komanda yekunda 11 metrlik zərbələri daha dəqiq yerinə yetirməklə Məhəmməd Salahlı Misir yığmasını mundialdan kənarda saxlayıb.

Əlcəzair – Kamerun matçında da qalib əlavə vaxtda müəyyənləşib. Səfərdə qələbə qazanmış Əlcəzair yığması doğma meydanda bu üstünlüyünü qoruya bilməyib. Kamerun millisi 90 dəqiqəni 1:0 öndə qapayıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir qol vurmağa nail olub. Yekunda səfərdə daha çox qol vurmağı bacaran Kamerun yığması DÇ-yə vəsiqə əldə edib.

Digər cütlərdə Qana yığması iki oyunun nəticəsinə görə Nigeriyanı, Mərakeş millisi Konqonu, Tunis seçməsi də Malini üstələməklə mundialda iştirak hüququ qazanıb.

Dünya çempionatı 21 noyabr-18 dekabrda Qətərdə keçiriləcək. Daha öncə Avropadan Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Portuqaliya və Polşa DÇ-nin final mərhələsinə vəsiqə əldə edib. Digər qitələrdən isə hələlik Braziliya, Argentina, İran, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, Ekvador, Uruqvay və Kanada bu uğura nail olub. Qətər yığması isə təşkilatçı ölkə kimi birbaşa mundialda iştirak hüququ qazanıb.

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi
Cavab final oyunları
29 mart

Seneqal – Misir 1:0 (penaltilər 3:1)
İlk oyun 0:1

Əlcəzair – Kamerun 1:2
İlk oyun 1:0

Nigeriya – Qana 1:1
İlk oyun 0:0

Mərakeş – Konqo 4:1
İlk oyun 1:1

Tunis – Mali 0:0
İlk oyun 1:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: