DÇ-2022: Ekvador və Uruqvay da mundiala vəsiqə qazandı

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2022) daha iki iştirakçısı müəyyənləşib. Arena.az xəbər verir ki, Ekvador və Uruqvay yığmaları mundialın final mərhələsində oynamaq hüququ qazanıblar.

Uruqvay Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 17-ci turunda evdə Perunu minimal hesabla yenib. Ekvador isə səfərdə Paraqvaya 1:3 hesabı ilə uduzmasına baxmayaraq, sona bir tur qalmış istəyinə çatıb. Hər iki komandanın hazırda 25 xalı var və 3-4-cü yerləri bölüşdürürlər. Peru seçməsi 21 xalla 5-ci sırada qərarlaşıb.

17-ci turun daha bir qarşılaşması bu gecə keçiriləcək. Argentina yığması turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış Venesuela millisini sınağa çəkəcək.

Dünya çempionatı 21 noyabr-18 dekabrda keçiriləcək. Daha öncə Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran, Cənubi Koreya, Yaponiya və Səudiyyə Ərəbistanı da final mərhələsinə vəsiqə əldə edib. Qətər yığması isə təşkilatçı ölkə kimi birbaşa mundialda iştirak hüququ qazanıb.

DÇ-2022-nin seçmə mərhələsi
17-ci tur
25 mart

Braziliya – Çili 4:0
Qol: Neymar, 44-pen. V.Junior, 45+1. Koutinyo, 72-pen. Riçarlison, 90+1.

Kolumbiya – Boliviya 3:0
Qol: L.Dias, 39. Borxa, 72. Uribe, 90.

Paraqvay – Ekvador 3:1
Qol: Morales, 10. İnkapye, 45+6-öz qapısına. Almiron, 54 – Kaysedo, 85-pen.

Uruqvay – Peru 1:0
Qol: De Arraskaeta, 42.

26 mart

03:30. Argentina – Venesuela

Xal durumu: Braziliya – 42, Argentina – 35, Ekvador – 25, Uruqvay – 25, Peru – 21, Kolumbiya – 20, Çili – 19, Paraqvay – 16, Boliviya – 15, Venesuela – 10.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: