Bu il Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının (DÇ-2022) final mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, Qətərin paytaxtı Dohada baş tutan tədbirdən öncə iştirakçı komandalar səbətlərə bölünmüşdü.
Mundialın püşkünü dünya futbolunun tanınmış simalarının da yer aldığı 8 veteran oyunçu çəkib. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də yer alıb. Digər 7 nəfər isə Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) kimi keçmiş futbolçular idi.
Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Bu duellərin qalibi B qrupunda İngiltərə, İran və ABŞ-la mübarizə aparmalı olacaq.
Birləşmiş Ərəb Əmirlikləri – Avstraliya cütünün qalibi Peru ilə üz-üzə gələcək. Yekunda sevinən kollektivi mundialda D qrupunda yer alan Fransa, Danimarka və Tunislə mübarizə gözləyir.
Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək. Qalib komanda E qrupunda İspaniya, Almaniya və Yaponiyaya rəqib olacaq.
Dünya çempionatının təqvimi matçların stadionları və başlama saatları bilinəndən sonra təsdiqlənəcək.
DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
Dünya çempionatı
A qrupu
Qətər
Ekvador
Seneqal
Niderland
B qrupu
İngiltərə
İran
ABŞ
Şotlandiya/Ukrayna – Uels
C qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa
D qrupu
Fransa
BƏƏ/Avstraliya – Peru
Danimarka
Tunis
E qrupu
İspaniya
Yeni Zelandiya – Kosta-Rika
Almaniya
Yaponiya
F qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya
G qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun
H qrupu
Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya


