DÇ-2022: Portuqaliya və Polşa da mundiala vəsiqə qazandı!

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində pley-offun final oyunları keçirilib. Arena.az xəbər verir ki, Portuqaliya yığması Şimali Makedoniyanı, Polşa seçməsi isə İsveçi qəbul edib.

Bakı vaxtı ilə eyni saatda – 22:45-də start götürən həlledici görüşlərdə qalib gələn komanda mundiala vəsiqəni təmin edəcəkdi. Hər iki matçda 90 dəqiqənin tamamında sevinən tərəf meydan sahibləri olublar. Həm Polşa, həm də Portuqaliya yığması 2 cavabsız qolla qalib gəlməkə mundiala vəsiqə əldə edib.

Xatırladaq ki, Pireney təmsilçisi yarımfinalda Türkiyəni, şimali makedoniyalılar son Avropa çempionu İtaliyanı mübarizədən kənarlaşdırmışdı. Polşa millisi yarımfinalda Rusiya ilə qarşılaşmalı idi. Lakin Rusiyaya Ukraynadakı müharibəyə görə texniki məğlubiyyət verildiyindən polşalılar birbaşa finala vəsiqə qazanmışdılar. Onların həlledici görüşdəki rəqibi olan İsveç yığması isə yarımfinal oyununda Çexiyaya qalib gəlmişdi.

Digər final matçında Uels yığması Şotlandiya – Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək. Lakin Şotlandiya və Ukrayna yığmalarının oyunu məlum səbəblərdən iyun ayına təxirə salınıb.

Dünya çempionatı 21 noyabr-18 dekabrda keçiriləcək. Daha öncə Avropadan Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə və Niderland da DÇ-nin final mərhələsinə vəsiqə əldə edib. Digər qitələrdən isə hələlik Braziliya, Argentina, İran, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, Ekvador, Uruqvay və Kanada bu uğura nail olub. Qətər yığması isə təşkilatçı ölkə kimi birbaşa mundialda iştirak hüququ qazanıb.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
Pley-offun final oyunları
29 mart

Portuqaliya – Şimali Makedoniya 2:0
Qol: B.Fernandes, 32; 65.
Portu, “Draqau” stadionu.

Polşa – İsveç 2:0
Qol: Levandovski, 49-pen. Zelinski, 73.
Xojuv, “Şlyonski” stadionu.

İyun, 2022
Uels – Şotlandiya/Ukrayna

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: