FIFA qadınlararası dünya çempionatının (DÇ-2023) İspaniya və İngiltərə yığmaları arasında keçirilən final oyunu başa çatıb.
Arena.az xəbər verir ki, Tori Pensonun (ABŞ) rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi oyun İspaniya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyun Avstraliyanın Sidney şəhərinin “Avstraliya” stadionunda keçirilib. Yeganə qolu 29-cu dəqiqədə İspaniya yığmasının müdafiəçisi Olqa Karmona Marion Kaldenteyin məhsuldar ötürməsini tamamlayaraq vurub. 70-ci dəqiqədə isə ispan yarımmüdafiəçi Cennifer Ermoso penaltidən yararlana bilməyib. İngiltərə yığmasının qapıçısı Meri İrps topu qapının aşağı küncündə tutub.
Daha əvvəl yarımfinalda İspaniya yığması İsveç yığmasını 2:1, İngiltərə yığması isə turnirinin ev sahibi Avstraliyanı 3:1 hesabı ilə məğlub edib.
DÇ-2023-ün üçüncü yer uğrunda oyununda İsveç millisi Avstraliya yığmasına qalib gəlib – 2:0.


