DÇ-2026: Çexiya Cənubi Koreyaya məğlub oldu

Amerika Birləşmiş Ştatları (ABŞ), Meksika və Kanadada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Meksikada keçirilən A qrupunun ikinci oyununda Cənubi Koreya millisi Çexiya yığması ilə qarşılaşıb. Görüş asiyalıların qələbəsiylə başa çatıb. Hesabı çexlərin açmasına baxmayaraq, Cənubi Koreya millisi yekunda əzmkar qələbəni bayram edib.

Bu matçda Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub. Miroslav Koubekin baş məşqçisi olduğu kollektiv qarşılaşmanın 59-cu dəqiqəsində müdafiəçi Ladislav Kreyçinin baş zərbəsi ilə hesabı açıb. Bu, Çexiyanın 20 ildən sonra mundiallarda ilk qoludur. Çexiya yığması son olaraq 2006-cı ildə baş tutan turnirdə fərqlənmişdi. Komanda həmin vaxt ABŞ-ni üç cavabsız qolla üstələmişdi.

Cənubi Koreya millisi dünya çempionatlarında Avropa komandaları üzərində ardıcıl 3-cü qələbəsini qazanıb. Sözügedən komanda DÇ-2022-də Portuqaliyaya 2:1, DÇ-2018-də isə Almaniyaya 2:0 hesabı ilə qalib gəlib. Hər iki qarşılaşma qrup mərhələsində baş tutub.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026
A qrupu
12 iyun

Cənubi Koreya – Çexiya 2:1
Qollar: İnbom, 67. Oh, 80 – Kreyçi, 59.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: