“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi və keçmiş kapitanı Devid Bekhem bu komandanın indiki durumuna münasibət bildiriblər.
Arena.az xəbər verir ki, Ueyn Runi İngiltərə Premyer Liqasının 37-ci turunun “Arsenal”la oyunundakı (0:1) məğlubiyyətdən sonra, “qırmızı şeytanlar”ın çıxışını sərt tənqid edib:
“Mançester Yunayted” bəzən o qədər açıqdır ki, inanılmazdır. Onların təmin etdiyi yer və imkanlar inanılmazdır. Bu müdafiədə istənilən oyunçuya yazığım gəlir, çünki bu mövqedə oynamaq çox çətindir.
Komanda nizamsız görünür. Bu, fərdlərdən ibarət komandadır və bu, narahatlıq doğurur. Hətta yarış cədvəlinin ortasından və aşağısından olan komandalara baxsanız, onların mütəşəkkil və yığcam olduğunu görərsiniz”.
İngiltərə yığmasının, “Real”, PSJ və “Milan”ın sabiq yarımmüdafiəçisi, hazırda isə ABŞ-ın “İnter Mayami” klubunun sahibi Devid Bekhem də “Mançester Yunayted”in düşdüyü mürəkkəb vəziyyətdən danışıb:
“Düşünürəm ki, son beş, bəlkə də on il ərzində klub hər cür fəsadla üzləşib, amma bu, həmişə, məşqçi komandanı tərk edəndə olur. Əlbəttə, biz istərdik ki, vəziyyət kifayət qədər tez dəyişsin. Mənə elə gəlir ki, bu, çox uzun müddətdir ki, davam edir”, deyə Bekhem təəssüflə bildirib.
Xatırladaq ki, “qırmızı şeytanlar”ın şotland baş məşqçisi Ser Aleks Ferqyuson 2013-cü ildə “Mançester Yunayted”dən ayrıldıqdan sonra, klub özünün aciz kölgəsini xatırladır.
İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün 36 turundan sonra Mançester təmsilçisi 54 xalla yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bu, “Mançester Yunayted” tarixinin Premyer Liqada ən biabırçı nəticəsidir.
Daxili çempionat çərçivəsində mankunianlıların qarşıda iki oyunu var. Mayın 15-də Erik ten Haqın komandası evdə “Nyukasl”ı qəbul edəcək. Bundan dörd gün sonra, mayın 19-da isə “qırmızı şeytanlar” “Brayton” səfərinə yollanacaqlar.


