Diamantakos – Azərbaycan millisinin yeni baş məşqçisi!

Yunanıstanlı mütəxəssis İoannis Diamantakos basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, İoannis Diamantakos qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi və bütün yaş qrupları üzrə qadın milli komandalarının koordinatoru təyin olunub. Azərbaycan Basketbol Federasiyası ilə yunanıstanlı mütəxəssis arasında 2 il müddətinə müqavilə imzalanıb.

Son olaraq Səudiyyə Ərəbistanının “Alula” komandasının baş məşqçisi kimi fəaliyyət göstərmiş Diamantakos milli komandalar və peşəkar klublar səviyyəsində zəngin beynəlxalq təcrübəyə malikdir. O, Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas milli komandasının, eləcə də U-18 oğlan və qız milli komandalarının baş məşqçisi vəzifələrində çalışıb. Mütəxəssis, həmçinin Fələstinin kişilərdən ibarət əsas milli komandasına və Rumıniyanın U-20 milli komandasına rəhbərlik edib.
Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərmiş Diamantakosun məşqçilik karyerasında U-18 qadınlar arasında FIBA Asiya Kubokunun B Divizionunda və U-18 WABA turnirində qazanılmış gümüş medallar, Fələstin Basketbol Liqası çempionluğu və Yunanıstanda iki liqa çempionluğu yer alır. O, həmçinin komandaları ilə “FIBA Europe Cup”da ən güclü səkkizlikdə yer alıb və FIBA U-20 Avropa çempionatını beşinci pillədə başa vurub.

Basketbol sahəsindəki fəaliyyətindən əlavə, İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Onun akademik bilikləri məşqçilik və liderlik fəaliyyətinə elmi yanaşma gətirir.

Diamantakosun əsas milli komanda ilə qarşıdakı hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək FIBA-nın qadınlar arasında 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində rəqabətədavamlı çıxış etməkdir. Bu turnir gələcək üçün mühüm təcrübə qazandırmaqla yanaşı, 2027-ci ilin yayında keçiriləcək FIBA-nın qızlar arasında U-16, U-18 və U-20 Avropa çempionatlarına hazırlıq baxımından da faydalı olacaq.

“Məqsədimiz Azərbaycan basketbolunun uğurlu gələcəyi üçün möhkəm təməl yaratmaqdır”

Yeni təyinatı ilə bağlı danışan yunan məşqçi Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları bildirib:

“Azərbaycan Basketbol Federasiyasına qoşulmaq mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Mənə göstərilən etimada görə Federasiyaya və onun rəhbərliyinə minnətdaram. Əsas milli komandanı qarşıdakı çağırışlara hazırlamaqla yanaşı, bütün yaş qrupları üzrə milli komandalar arasında aydın inkişaf yolu qurmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Məqsədimiz davamlı inkişaf və Azərbaycan basketbolunun uğurlu gələcəyi üçün möhkəm təməl yaratmaqdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: