Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya Kral Kuboku yarımfinalının “Barselona” ilə evdəki cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, səfərdə 4:4 hesablı heç-heçə oynamış “döşəkçilər” evdə 0:1 hesabı ilə məğlub olaraq, yarışla vidalaşıblar.
Dieqo Simeone matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Komandam layiqli çıxış etdi. Əla oyun nümayiş etdirərək, layiqli qələbə qazanmış rəqibdən 4:5 hesablı məğlubiyyətə (ümumi hesabda – redaktorun qeydi) rəğmən, biz gələcəkdə də belə israrla mübarizə aparmağa davam edəcəyik. Mən, çempionatı müsbət vurğuda başa vurmaqdan savayı, başqa heç nə haqda düşünmürəm. Biz, bizi qabaqlayan komandalarla xal fərqini azaltmaq və layiq olduğumuz yeri tutmaq üçün oyundan oyuna hərəkət etməyə davam edəcəyik.
Bu gün birinci hissədə biz ən yaxşı surətdə çıxış etmədik, amma rəqib buna görə bizi cəzalandırmadı. Bu, bizə əminliyimizi qoruyub-saxlamağa və ikinci hissəyə gərəkli köklənmə ilə çıxmağa imkan verdi. Biz uğura yaxın idik. Mənə, “Barselona”nın necə oynadığı xoş gəlir. Mən bu haqda artıq demişəm”, – “Marca” nəşri argentinalı mütəxəssisdən sitat gətirir.
İspaniya Kral Kubokunun finalına yüksəlmiş “Barselona” həlledici oyunda əzəli rəqibi Madrid “Real”ı ilə qarşılaşacaq. Oyun aprelin 26-da baş tutacaq.


