Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya Kubokunun 1/4 finalında “Sevilya” üzərində qələbəni (1:0) şərh edib.
Arena.az “El Desmarque” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Sevilya” ilə həmişə çətin oyunlarımız olur. Müdafiədə çox mütəşəkkil işləyirlər. İlk hissədə penalti, hesabı aça bildiyimiz anlarımız oldu, amma bu, baş vermədi. İkinci hissədə də eyni vəziyyətdə idik. Əvəzləmə ilə meydana çıxmış futbolçular hücuma təravət verdilər. Bəxt ondadır ki, Korrea-Memfis kombinasiyası qələbə qolu ilə başa çata bildi. Bu, bizi həvəsləndirir və həyəcanlandırır. İndi isə gəlin, istirahət edək, çünki bazar günü yenidən oynayacağıq”, deyə Dieqo Simeone bildirib.
Xatırladaq ki, oyunun 26-cı dəqiqəsində “döşəkçilər”in fransalı mərkəz hücumçusu Antuan Qrizman əndəlüslülərin qapısına təyin edilmiş penaltini “göyə sovurub”. Yeganə qolu isə oyunun 79-cu dəqiqəsində madridlilərin holland mərkəz hücumçusu Memfis Depay vurub.


