Bu gün – avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə dünya çempionatı start götürüb.
Arena.az xəbər verir ki, cüdoçularımız dünya çempionatının ilk günündə yüksək performans nümayiş etdirərək komandanın aktivinə 1 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırıblar.
Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası son onillikdə dünya çempionatında ilk dəfə qızıl medal əldə edib. Yalnız 2013-cü ildə Natiq Qurbanlı yeniyetmələr arasında dünya çempionu titulunu qazanıb.
Oğlanlar arasında -50 kq çəki dərəcəsində yarışan cüdoçularımız – Məhəmməd Məmişov və Nihad Məmişov bütün rəqiblərini geridə qoyaraq, finalda üz-üzə gəliblər. Görüşün nəticəsində Nihad Məmişov qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihad ardıcıl olaraq ilk görüşündə Fransa, 1/8 finalda Macarıstan, 1/4 finalda Monqolustan, yarımfinal görüşündə isə Qazaxıstan təmsilçisini məğlub edib. Məhəmməd isə ardıcıl olaraq ilk görüşündə bosniyalı, 1/8 finalda ermənistanlı, 1/4 finalda braziliyalı, yarımfinal görüşündə isə gürcüstanlı idmançıya qalib gəlib.
-55 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Mirxaliq İsgəndərov üçüncü yer uğrunda fransalı cüdoçu Adrian Mivovana qalib gələrək çempionatın bürünc medalına sahib olub.
Qeyd edək ki, bu gün start götürmüş dünya çempionatı avqustun 27-nə qədər davam edəcək. İdmançılar 23-26 avqust tarixlərində çempionatın fərdi yarışlarında, 27 avqustda isə komanda yarışlarında iştirak edəcəklər. Azərbaycan yığması dünya çempionatına 18 cüdoçu (13 oğlan, 5 qız) ilə yollanıb.


