Dünya çempionatı: Cüdo yığmamızdan tarixi nəticə!

Xorvatiyanın paytaxt Zaqreb şəhərində yeniyetmə cüdoçular arasında təşkil olunmuş dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, fərdi yarışların sonuncu günündə Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub.

90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev 1/16 finalda İspaniya təmsilçisi Peres Ramireslə üz-üzə gəlib. Rəqibinə qalib gələn Kotsoyev 1/8 finala yüksəlib. O, bu raundda serbiyalı Nikola Giroviçlə dueldən də qalib ayrılıb.

Cüdoçumuzun 1/4 finaldakı rəqibi azərbaycanəsilli İsveç cüdoçusu Emil Cəbiyev olub. Rəqibini ipponla məğlub edən Kotsoyev yarımfinala adlayıb. Yarımfinalda İtaliya təmsilçisi Kristiano Mincinesi ilə üz-üzə gələn Aslan bu rəqibinə uduzduğu üçün bürünc medal uğrunda görüşə qatılıb. Qazaxıstan təmsilçisi Berikbol Jumanbekovla üz-üzə gələn Kotsoyev bu rəqibinə də uduzduğu üçün medal qazana bilməyib və beşinci yerlə kifayətlənib.

Ramazan Əhmədov (+90 kq) isə 1/8 finalda Emiliano Rossi (İtaliya) ilə, 1/4 finalda Elnur Xolmuminov (Özbəkistan) üzərində qələbələrə sevinib. Lakin yarımfinalda İbrahim Tataroğluna (Türkiyə) uduzan cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada serbiyalı Mateya Boroyeviçə rəqib olub. Bu rəqibinə qalib gələn Əhmədov bürünc mükafata sahib çıxıb.

Bununla da Azərbaycan yığması Zaqrebdəki dünya çempionatını 8 medalla başa vurub. Daha öncə Azərbaycan təmsilçilərindən Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İsgəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə etmişdilər.

Azərbaycan ilk dəfə dünya çempionatında birinci oldu

Beləliklə, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında Yaponiya, Gürcüstan, Özbəkistan, Fransa, Serbiya, İtaliya, Qazaxıstan və Braziliya kimi ölkələri geridə qoyaraq 1-ci yeri tutub. Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.

Cüdoçularımız çempionatda oğlanlar arasında 7 çəki dərəcəsində təmsil olunublar və 6 çəki dərəcəsində turniri müxtəlif əyarlı medalla başa vurublar ki, bu da komandamız üçün özünəməxsus rekorddur.

Xatırladaq ki, dünya çempionatı avqustun 27-də başa çatacaq. Mundialın son günündə komandalar arasında yarış baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: