Dünya çempionatı: İki boksçumuz mərhələ adladı, ikisi uduzdu

Özbəkistanın paytaxtı Daşkənd şəhərində kişi boksçular arasında təşkil olunmuş dünya çempionatı (DÇ) davam edir. Arena.az xəbər verir ki, mundialın 8-ci günündə Azərbaycanın daha 2 boksçusu mərhələ adlamağa nail olub. Yığmamızın üzvlərindən biri 1/8, digəri 1/4 finala yüksəlib.

Boksçumuz Nicat Hüseynov (54 kq) Po-Hao Hsu (Tayvan) ilə döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşma Avropa çempionumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib.

Hüseynov 1/8 finalda Yeol Finol Rivasla (Venesuela) ilə üz-üzə gələcək. Görüş mayın 9-da keçiriləcək.

Dünya çempionumuz Alfonso Dominqes (86 kq) də çıxışını qələbə ilə başa vurub. O, Bill Makallisterə (Avstraliya) 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Dominqesin növbəti döyüşü mayın 10-da olacaq.

Tural Sarıyevlə (48 kq) Tayfur Əliyev (60 kq) isə 1/8 finalda yarışla vidalaşıblar. Onlar müvafiq olaraq, Vuttiçai Yuraçai (Tailand) və Vsevolod Şumkova (Rusiya) uduzublar.

Qeyd edək ki, mundialın 9-cu günündə Hüseynovla yanaşı, daha 2 təmsilçimiz rinqə çıxacaq. Nəbi İsgəndərov (67 kq) Tarxan İdiqovla (Rusiya), Məsud Yusifzadə (51 kq) Patrik Çinyemba (Zambiya) ilə qarşılaşacaq.

Xatırladaq ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.

Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: