Dünya çempionatı: Son gündə 3 cüdoçumuz medalsız qaldı

Portuqaliyanın Odivelas şəhərində gənclər arasında təşkil olunmuş cüdo üzrə dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, fərdi yarışların sonuncu – dördüncü günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb.

Belə ki, tatamiyə çıxan bir kişi, iki qadın idmançımızdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.

Halbuki Ramazan Əhmədov +100 kq çəki dərəcəsində buna yaxın olub. Lakin o, bürünc medal uğrunda görüşdə türkiyəli rəqibinə məğlub olub.

Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) isə turnirlə daha erkən vidalaşıblar. Onlar 1/16 final səddini keçsələr də, növbəti raundda uduzublar.

Xatırladaq ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal əldə etmişdilər.

Qeyd edək ki, Odivelasdakı dünya çempionatı sabah – oktyabrın 8-də başa çatacaq. Son gündə yalnız komanda yarışları keçiriləcək.

Azərbaycan mundialda 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunur. Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edirlər. Yarışda ACF-nin A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: