Dünya çempionatı: Süleyman Şükürovdan bürünc medal!

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yeniyetmə cüdoçular arasında təşkil olunmuş dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub.

Kamilla Toholiyeva (63 kq) 1/32 finalda albaniyalı Kasandra Kovacı ilə üz-üzə gəlib. Toholiyeva bu rəqibinə məğlub olub və mübarizəni erkən dayandırıb.

Beləliklə, Azərbaycanın qız cüdoçuları turniri bir qızıl medalla başa vurublar. Daha öncə yalnız 52 kq-da Xədicə Qədəşova fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla tarixi uğura imza atmışdı.

Bu gün, həmçinin oğlanların mübarizəsində Süleyman Şükürov (73 kq) tatamiyə çıxıb. O, 1/16 finalda Tacikistan təmsilçisi Aminjon Abducalilzadəni məğlub edib. 1/8 finalda Qırğızıstan təmsilçisi Nurməhəmməd Muratovu üstələyən cüdoçumuz növbəti mərhələdə italiyalı Lusio Tavoletta ilə bacarmayıb.

Məğlubiyyətə baxmayaraq, bürünc medal qazanmaq şansını saxlayan Şükürov təsəlliverici görüşə qatılıb. Onun rəqibi Litva cüdoçusu Vigirdas Narkus olub. Narkusa qalib gələn Şükürov üçüncü yer uğrunda görüşdə Serbiya təmsilçisi Boqdan Veliçkoviçi də məğlub etməyi bacarıb. Bununla da o, Azərbaycan yığmasına dünya çempionatında növbəti medalı qazandırıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medal əldə etmişdi.

Xatırladaq ki, Zaqrebdəki dünya çempionatı avqustun 27-nə qədər davam edəcək. Fərdi yarışlara ayın 26-da yekun vurulacaq. Son gündə isə komanda yarışı baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: