Dünya çempionatında sablyaçılarımız üçün uğursuz gün

Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında qılıncoynatmanın sablya növündə yarışlara yekun vurulub. Arena.az xəbər verir ki, ötən gün sablyada gənc oğlan və qızlar arasında komanda yarışına yekun vurulub.

Qızlardan ibarət Azərbaycan komandası startda Bolqarıstan yığması ilə üz-üzə gəlib. Zərifə Hüseynova, Fərəh Abbasova və Fidan Quliyevanın təmsil etdiyi yığmamız 39:45 hesabı ilə uduzub. Bu qələbədən sonra Bolqarıstan yığması dünya çempionatında yarmfinala kimi irəliləyib.

Xatırladaq ki, Zərifə Hüseynova daha öncə yeniyetmə qız sablyaçıların şəxsi yarışında gümüş medal qazanmışdı.

Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh Məmmədovdan ibarət komandamızın da çıxışı uğursuz alınıb. Azərbaycan yığması ilk görüşündə Ukrayna seçmə kollektivinə 28:45 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Qdları qeyd olunan qılıncoynadanlarımız daha öncə keçirilən gənc oğlan sablyaçıların şəxsi yarışında da uğur qazana bilməmişdilər. Onlar qrup mərhələsini uğurla adlasalar da, pley-offda mübarizəni dayandırıblar. Murad Əkbərov və Ayxan Hüseynov 64-lüyə yüksəlsə də, bundan irəli gedə bilməyiblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: