Edin Dzeko milli karyerasını bitirməyə qərar verdi

Futbol üzrə Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Dzeko milli komandadakı karyerasını başa vuracağını açıqlayıb.

Arena.az xəbər verir ki, 40 yaşlı hücumçu milli komandanın heyətindəki sonuncu matçını oktyabrın 2-də UEFA Millətlər Liqasında İsveç yığmasına qarşı keçirəcək.

O, bu barədə sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli forvard vida paylaşımında bunları qeyd edib:

“Oktyabrın 2-də İsveçlə matçda milli komandamızın heyətində növbəti və sonuncu oyunumu keçirəcəyəm. Karyeramda heç nə bu formanı hər dəfə geyinəndə hiss etdiyim qürurla müqayisə oluna bilməz. Futbol meydanında ölkəmi təmsil etmək şərəfinə nail olduğum 151 matçın hər birində bununla fəxr etmişəm. Türkiyəyə qarşı oynadığım vaxtdan təxminən 20 il keçib. Çox şey dəyişib, mən də dəyişmişəm, amma bu formaya olan sevgim dəyişməz qalıb. İndi isə düşünürəm ki, kənara çəkilməyin vaxtıdır”.

Qeyd edək ki, yığmada 151 matçda 73 qol vuran futbolçu iki dəfə dünya çempionatının final mərhələsində oynayıb. Bosniya və Herseqovina yığması DÇ-2026-da ilk dəfə pley-offa yüksəlib və 1/16 finalda ABŞ-yə məğlub olub (0:2).

Bosniyalı hücumçu 2026-cı ilin yanvarından “Şalke”nin formasını geyinir. O, sözügedən komandanın heyətində meydana çıxdığı 13 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Edin Dzeko “Jelezniçar”ın məzunudur. Hücumçu, karyerası ərzində “Teplitse”, “Usti-nad-Labem” (icarə), “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter”, “Fənərbağça” və “Fiorentina”da oynayıb.

Edin Dzeko 2007-ci ilin iyun ayında debüt etdiyi Bosniya və Herseqovina millisinin heyətində 151 oyun keçirib, 73 qol vurub, 31 məhsuldar ötürmə verib. Oyun və qol sayına görə Dzeko milli komandanın mütləq rekordçusudur.

“Transfermark” internet portalı 40 yaşlı bosniyalı mərkəz hücumçusunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: