Əl-Xelaifi Çeferini UEFA prezidentliyinə namizəd olmağa çağırdı

Fransa nəhəngi PSJ-nin sahibi Nasser Əl-Xelaifi UEFA prezidenti Aleksander Çeferini yeni müddətə namizədliyini irəli sürməyə çağırıb.

Arena.az xəbər verir ki, bu barədə “Sky” telekanalının jurnalisti Rob Harris sosial şəbəkədəki hesabında məlumat yayıb.

Avropa Futbol Klubları Assosiasiyasının (EFC) rəhbəri olan Əl-Xelaifi EFC üzvlərinin Kopenhagendə keçirilən görüşündə Çeferinə müraciət ünvanlayıb:

“Futbolun sizin kimi liderlərə ehtiyacı var”, – deyə o, bildirib.

58 yaşlı Aleksander Çeferin 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir. Sloveniyalı funksioner bu vəzifəyə iki dəfə yenidən seçilib. O, eyni zamanda FIFA-nın vitse-prezidentidir.

Çeferin UEFA-nın tarixində qurumun yeddinci prezidenti hesab olunur. Ondan əvvəl bu vəzifəni danimarkalı Ebbe Şvarts, isveçrəli Qustav Viderker, italiyalı Artemio Franki, isveçli Lennart Yohansson, fransalı Jak Jorj və Mişel Platini tutublar.

Aleksander Çeferinin UEFA prezidenti kimi hazırkı səlahiyyət müddəti 2027-ci ildə başa çatır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: