Elmar Qasımov karyerasını başa vurdu

Cüdo üzrə Azərbaycan millisinin üzvü, çoxsaylı beynəxalq yarışların qalibi və mükafatçısı Elmar Qasımov peşəkar karyerasını bitirib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Qasımov bu qərarı barədə federasiyanı məlumatlandırıb. Təcrübəli cüdoçu karyerasını başa vurması ilə bağlı təəssüratlarını da bölüşüb:

“Cüdo mənim həyatımda mühüm rol oynayıb. Karyeram boyu hər zaman Möhtərəm Prezident İlham Əliyevin bütün idmançılara olduğu kimi, mən də diqqətini və qayğısını hiss etmişəm. Buna görə ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşaiyət edən məşqçilərimə – Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə minnətdaram. Əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm”.

Xatırladaq ki, Elmar Qasımov idman karyerası müddətində çoxsaylı uğurlara imza atıb. O, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olub. Cüdoçumuz 2009-cu ildə İrəvan şəhərində keçirilən gənclərin Avropa Çempionatında qızıl medal qazanaraq himnimizi səsləndirib və bayrağımızı qaldırıb. O, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu “Masters” turnirinin qalibi olub. Qasımov “Böyük Dəbilqə” və qran-pri yarışlarında ümumilikdə 18 medal qazanıb.

Azərbaycan Cüdo Federasiyası cüdo ailəsi adından Elmar Qasımova göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar diləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: