Boks üzrə azərbaycanlı referilər Elxan Quliyev və Anar Nağdıyev növbəti hakimlik imtahanından uğurla keçiblər. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, azərbaycanlı ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb. Hər iki hakim bu nailiyyətə martın 14-19-da Monteneqronun Budva şəhərində keçirilən beynəlxalq turnirdə imza atıb. İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.
Xatırladaq ki, Elxan Quliyev və Anar Nağdıyevdən öncə Rövşən Qədirovun da Mərakeşdə beynəlxalq kateqoriyası 2 ulduza qaldırılmışdı.
Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərinn peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işlərin davam etdirildiyini açıqlayıb.


