Avstriyanın “Şturm Qraz” klubunun gənc hücumçusu Emanuel Emeqa bundan sonra “Strasburq”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi 13 milyon avro ödəyərək 20 yaşlı futbolçunu heyətinə qatıb. Onunla 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. Emeqanın bu komandada 10 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
Rotterdam “Sparta”sının yetirməsi olan Emanuel Emeqa Belçikanın “Antverpen” klubunda da forma geyinib. O, “Şturm Qraz”a ötən ilin avqust ayında 3,24 milyon avro qarşılığında transfer olunmuşdu. Gənc forvard Avstiya klubunda 39 oyuna 3 qol vurub. Valideynləri Afrikadan olsa da, özü Niderlandda dünyaya göz açmış Emeqa, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.
“Strasburq” öz hücumçuları Kevin Qameyro və Moise Sahi ilə də yeni müqavilə bağlayıb. 36 yaşlı Qameyronun müddəti bu yay bitən müqaviləsi 2024-cü ilin 30 iyununa qədər uzadılıb. 21 yaşlı Sahi isə 2026-cı ilin 30 iyununa kimi bu komandada çıxış edəcək.
Kevin Qameyro peşəkar karyerasına məhz “Strasburq”da başlayıb. O, “Loryan”, PSJ, “Sevilya”, “Atletiko” (Madrid), “Valensiya” kimi klublarda forma geyindikdən sonra 2021-ci ilin iyul ayında yenidən doğma komandasına qayıdıb. Qameyro “Strasburq”da bütövlükdə 140 oyun keçirib, 38 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa milli komandasında da 13 oyuna 8 qol vurub.
Moise Sahi isə “Strasburq”a 2021-ci ilin yayında AFE-dən gəlib. O, bu klubun əsas komandasında cəmi 15 matça çıxıb, 1 qol vurub. Ötən mövsümü “Annesi”də icarədə keçirmiş forvard 42 oyuna 20 qol vurub, 1 assist edib.


