Madrid “Atletiko”sunun prezidenti Enrike Sereso argentinalı hücumçu Xulian Alvaresin komandadan ayrılmayacağını bir daha bəyan edib.
Buna baxmayaraq, argentinalı futbolçuya “Barselona”nın maraq göstərdiyi bildirilir.
Arena.az xatırladır ki, daha əvvəl Kataloniya klubunun prezidenti Joan Laporta Alvareslə bağlı təkliflərinin qeyri-müəyyən müddət qüvvədə qalmayacağını açıqlamışdı.
Enrike Sereso isə məsələyə belə münasibət bildirib:
“Joan Laporta mənim yaxşı dostum və əla prezidentdir. O da, siz də çox yaxşı bilirsiniz ki, Xulian gələn mövsüm harada çıxış edəcək. Alvares “Atletiko”nun futbolçusudur və burada qalacaq. Bu barədə mənə daha sual verməyin”.
Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 106 oyunda 49 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 59 oyuna çıxıb, 15 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğin qiymətləndirir.


