İngiltərəli futbol hakimi, tanınmış FİFA referisi Entoni Teylor 47 yaşında peşəkar hakimlik karyerasını başa vurduğunu bəyan edib.
Arena.az xəbər verir ki, 47 yaşlı referi bu qərarını yenicə başa çatmış futbol üzrə dünya çempionatından (DÇ-2026) sonra verdiyini bildirib.
Teylor qeyd edib ki, artıq peşəkar həyatında “yeni bir mərhələyə” başlamağın vaxtı çatıb.
Təcrübəli hakim 16 mövsüm İngiltərə Premyer Liqasında oyunlar idarə edib. Bu müddət ərzində o, ölkə çempionatı çərçivəsində 433 oyunun baş hakimi olub.
Entoni Teylor karyerası ərzində 2017 və 2020-ci illərdə İngiltərə Kubokunun finallarını, 2023-cü ildə isə UEFA Avropa Liqasının final qarşılaşmasını idarə edib. Teylor həmçinin iki dünya çempionatında hakimlər briqadasında yer alıb.
Ümumilikdə, Teylor 831 oyunda baş hakim olub. Onun sonuncu hakimlik etdiyi oyun DÇ-2026-nın 1/8 final mərhələsinin Portuqaliya – İspaniya (0:1) matçı olub.


