“Çelsi”nin baş məşqçisi Entso Mareska Konfrans Liqasının Liqa mərhələsində 6 oyuna 6 qol vurmuş ispan hücumçusu Mark Qiu haqda danışıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mark Qiunun yaşını unutmayın! O, artıq altı qol vurub və o, 2006-cı il təvəllüdlüdür”, deyə Entso Mareska vurğulayıb.
“Çelsi”nin və İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi Co Koul da “zadəganlar”ın 18 yaşlı hücumçusu haqqında düşüncələrini paylaşıb:
“Mark Qiu haqqında düşünəndə “Barselona”nın onu necə buraxdığını anlamıram. Bu adam iki ildən sonra nüfuzlu “doqquzluq” ola bilər. Düşünürəm ki, o, bütün bu yolu gedə bilər. Düşünürəm ki, “Barselona” onu buraxmaqla səhv edib”, deyə Koul vurğulayıb.
Xatırladaq ki, “Çelsi” Mark Qiunu 2024-cü ilin iyul ayında İspaniya çempionu “Barselona”dan transfer edib. “Zadəganlar” Qiunun transferi üçün Kataloniya təmsilçisinə 6 milyon avro ödəyiblər. 18 yaşlı ispan futbolçunun İngiltərə klubu ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi var. Qiu London təmsilçisinin heyətində 10 oyuna çıxıb, 6 qol vurub.
Mark Qiu “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisinin əsas komandasında 7 oyuna çıxmağa imkan tapıb və 2 qol vurub.
İspaniyanın U-17 yığmasında da oynamış forvard bu ildən U-19-a dəvət alır.
“Transfermarkt” internet-portalı 18 yaşlı hücumçunun dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


