“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq mərkəz müdafiəçisi Harri Maquayrın komandadan mümkün gedişinə münasibət bildirib.
Arena.az “Sky Sports”a istinadən xəbər verir ki, Ten Haq özünəinamı olmayanın klubu tərk etməli olduğunu bildirib:
“Əgər o, komanda üçün mübarizə aparmağa kifayət qədər inamlı deyilsə, o zaman getməlidir”, deyə Ten Haq vurğulayıb.
Geridə qalmış 2022/2023 mövsümündə Harri Maquayr “Mançester Yunayted”in heyətində 31 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Həmçinin Maquayr mütəmadi olaraq dəfələrlə müdafiədə səhvlərə yol verməsilə səciyyəvidir. Bu məqamlardan dolayı xeyli müddətdir onun siması azarkeşlərin dilində karikaturaya çevrilib.
Xatırladaq ki, daha əvvəl Harri Maquayr “qırmızı şeytanlar”ın kapitan sarğısından məhrum edilmişdi.
Bir müddət əvvəl isə “Vest Hem” Maquayrın transferi üçün təxminən 30-35 milyon avro məbləğində xərc çəkməyə hazır olduğu və müdafiəçinin bu keçidə razılaşdığı haqda məlumat yayılmışdı.
“Transfermarkt” internet-portalı 30 yaşlı Harri Maquayrı 20 milyon avro məbləğində qiymətləndirir.


