“Mançester Siti”nin norveçli mərkəz hücumçusu, “qolçu vikinq” Erlinq Haland 3,2 milyon avro məbləğində “Mercedes-AMG One” avtomobili alıb.
Arena.az bu barədə “Dagens Naringsliv” dərgisinə istinadən məlumat verir.
Bu avtomobil dünyada ən xüsusi avtomobillərdən biridir, çünki cəmi 275 nüsxə istehsal edilmişdir. Bu avtomobili almaq üçün Haland məşhur norveçli avtomobil kolleksiyaçısı Ertvaaqla əməkdaşlıq edir. Müvafiq model 200 km/saat sürət həddinə 7 saniyəyə, 300 km/saat sürət həddinə isə 15,6 saniyəyə çatır. Avtomobil 1000 at gücündə mühərriklə təchiz edilib.
Haland dəbdəbəli avtomobillərin böyük həvəskarıdır və onun qarajında “Rolls Royce Cullinan” (350 min avro), “Audi RS6 Avant” (140 min avro), “Range Rover Sport” (140 min avro) və “Mercedes-AMG GLE” (105 min avro) var.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 30 oyuna 27 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 83 oyun, 79 qol, 15 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 17 qol.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib. Erlinq bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.
