Eyrik Horneland – “Sent Etyen”in yeni baş məşqçisi

Norveçli futbol mütəxəssisi Eyrik Horneland Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Sent Etyen”in baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, yeni komandasının “sükanı arxasında” bir neçə gün öncə istefaya göndərilmiş Olivye Dall’Olyonu əvəz edib.

Xatırladaq ki, Olivye Dall’Olyo 2023-cü ilin dekabr ayından bu komandaya rəhbərlik edirdi. O, sözügedən kollektivin sükanı arxasında 39 matç keçirib. Komanda bu görüşlərdə 18 qələbə qazanıb, 7 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

“Sent Etyen” məhz Olivye Dall’Olyonun rərbərliyi altında bu mövsüm yenidən Liqa 1-ə qayıtsa da, komanda elitada uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Bu komanda elitada keçirdiyi 15 oyunda cəmi 4 qələbə qazanıb, 1 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Sözügedən klub hazırda turnir cədvəlində 15 turdan sonra 13 xalla 16-cı pillədə qərarlaşıb.

Dall’Olyo “Sent Etyen”dən öncə “Ales”, “Dijon”, “Brest” və “Monpelye” kimi komandalara da rəhbərlik edib.

Eyrik Horneland isə 2021-ci ildən Norveçin “Brann” komandasına rəhbərlik edirdi. O, bu klubdan məhz “Sent Etyen”dən aldığı dəvətə görə ayrılmağa qərar verib. “Brann” Hornelandın rəhbərliyi altında bütövlükdə 134 oyun keçirib. Bu görüşlərdə 84 qələbə qazanmış Eyrikin komandası 25 heç-heçə və bir o qədər də məğlubiyyət görüb. Top fərqi də göz oxşayır – 339:163.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: