Futbol üzrə Türkiyə çempionatının (Super Liqa) 2023-cü ildə sonuncu olan 18-ci turu Fənərbaxça – Qalatasaray derbisi ilə əlamətdar olacaq.
Arena.az xəbər verir ki, İstanbul təmsilçiləri sabah tarixlərində 398-ci dəfə üz-üzə gələcəklər.
Derbi öncəsi hər iki komandada itkilər var. Belə ki, “sarı qırmızılar”ın heyətində “Alanyaspor”la oyunda zədə almış futbolçu Davinson Sançesin derbidə oynayıb-oynamayacağı sual altındadır. Onun durumuna oyun zamanı aydınlıq gələcəyi bildirilir.
Portuqaliyalı yarımmüdafiəçi Serjio Oliveyra isə əməliyyat olunduğu üçün bu matçda iştirak edə bilməyəcəyi dəqiqdir. Əvəzində Hakim Ziyeş sağalıb və baş məşqçi Okan Burukun şans verəcəyi halda derbidə forma geyinə biləcək.
“Fənərbaxça”da isə “Kayserispor”la oyunda qırmızı vərəqə almış Fred və Mert Hakan Yandaşın derbidə iştirak etməyəcəyi dəqiqdir. Rayan Kent, Linkoln, Luan Peres, Rodriqo Bekao və Miha Zayç da zədədən əziyyət çəkir. Əvəzində zədəsini sağaldan Edin Dzeko sıraya dönüb. Onun baş məşqçi İsmail Kartal tərəfindən hətta start heyətdə buraxılması ehtimal olunur.
Xatırladaq ki, “Fənərbaxça” – “Qalatasaray” oyunu dekabrın 24-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bu oyun iki əzəli rəqib arasında olan 398-ci oyun olacaq. 17 yanvar 1909-cu ildən başlamış rəqabət 114 ildir davam edir. Vurulan qol və qələbə sayında “Fənərbaxça” öz üstünlüyünü qoruyur. Əvvəlki oyunlardan 126-sı heç-heçə yekunlaşıbsa, “sarı-lacıvərdlilər” 147, “sarı-qırmızılar” 125 qələbə qazanıblar.
Hər iki komandanın hazırda 43 xalla zirvədə qərarlaşmış derbiyə olan marağı daha da artırır.


