Türkiyənin “Fənərbaxça” klubunun Niderlanddan olan sol cinah müdafiəçisi Ceyden Ostervolde uzun müddətə sıradan çıxıb.
Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Müdafiəçi aldığı zədə səbəbindən 2024/2025 mövsümünü erkən başa vurub. Bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo mətbuat konfransında məlumat verib.
Avropa Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” komandası ilə keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandıran mütəxəssis 23 yaşlı müdafiəçinin zədəsinin ciddi olduğunu bildirib: “Ostervolde gələn ilin may ayında 1-2 oyun üçün qayıtsa, sürpriz olacaq”.
Qeyd edək ki, Ostervolde Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində “Samsunspor”a qarşı keçirdikləri matçda sol dizindən zədə almışdı. İlk məlumatlarda Ceydenin 7-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Lakin göründüyü kimi, ətraflı müayinələrdən sonra müdafiəçinin vəziyyətinin daha ciddi olduğu üzə çıxıb.
Yeri gəlmişkən, “Fənərbaxça” bu günlərdə daha bir futbolçusunu – türkiyəli vinger Cengiz Ünderi də itirib. Amma məşq zamanı əzələsində problem yaranmış Cengiz Ünderin 3-4 həftəyə sıraya dönməsi gözlənilir.
Xatırladaq ki, Ostervolde ötən mövsüm də uzun müddətə sıradan çıxmışdı. Niderlanddan olan sol cinah müdafiəçisi Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin “Olimpiyakos”la Yunanıstanda keçirilən ilk matçında zədələnmiş və ötən mövsümün sonunadək komandasına kömək edə bilməmişdi.
Ceyden Ostervolde Niderlandın “Tvente” klubunun yetirməsidir. 22 yaşlı müdafiəçi 2022-ci ilin yayında “Parma”ya transfer olunub. “Fənərbaxça” da onu 2023-cü ilin yanvarında 6 milyon avro müqabilində məhz “Parma”dan transfer edib. Müdafiəçinin Türkiyə klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.
Ostervolde bu mövsüm meydana çıxdığı 14 oyunda fərqlənə bilməyib. O, “Fənərbaxça”da bütövlükdə 62 oyun keçirib və 2 qolla yadda qalıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


