“Neftçi”nin iki futbolçusu – İsmayıl Zülfüqarlı və Fərid Yusifli bu mövsümün qalan hissəsini “Turan Tovuz”da keçirəcəklər.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müqavilə ilə “Neftçi”yə məxsus olan gənc futbolçular mövsümün sonunadək icarə əsasında “Turan Tovuz”un şərəfini qoruyacaqlar. Onların hər ikisi ilə yarım illik icarə müqaviləsi imzalanıb.
Qeyd edək ki, həm İsmayıl Zülfüqarlı, həm də Fərid Yusifli “Neftçi”nin öz yetirməsidir. Onlar indiyə qədər yalnız doğma klublarının formasını geyinmişdilər. İlk dəfə fərqli komandada çıxış edəcək Fəridin hazırda 21, İsmayılın isə 22 yaşı var.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Fərid indiyə qədər “Neftçi”nin əsas komandasında 38 oyun keçirib. İsmayılın hesabında isə 68 oyun, 4 qol və 7 məhsuldar ötürmə var. Onların hər ikisi Azərbaycanın aşağı yaş qrupları üzrə yığma komandalarında, həmçinin U-21-də forma geyinib, amma əsas millidə debüt edə bilməyib.
“Turan Tovuz” İsmayılla Fəriddən öncə Aleks De Souza Alkantaranı da heyətinə qatdığını açıqlamışdı. Əvəzində Sərtan Taşkın Türkiyənin “Manisa” klubuna satılıb, Səbayıl Bağırov isə “Şamaxı”ya icarəyə verilib.
“Neftçi”də isə daha öncə Aaron Olanare ilə yollar ayrılmış və Plovdiv “Lokomotiv”indən Alfa Konte transfer edilmişdi.


