Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Salernitana” komandasında baş məşqçi Fabio Liverani istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, Salerno təmsilçisi A Seriyasında geridə qalmış 29 turda cəmi 2 qələbə qazanıb. Qalan oyunlarda 8 heç-heçə etmiş komanda 19 görüşdə də uduzub və hazırda 14 xalla 20 iştirakçı arasında sonuncu – 20-ci sırada qərarlaşıb.
Fabio Liverani “Salernitana”nın baş məşqçi postunda bu ilin fevral ayının 11-də Filippo İnzaqini əvəz etmişdi. 47 yaşlı italyan mütəxəssis bu komandanı 5 oyuna çıxarıb. Cəmi 1 heç-heçəsi olan Liverani 4 oyunda da məğlubiyyətə üzülüb. Vəziyyətin dəyişmədiyini görən klub rəhbərliyi isə yenidən baş məşqçi dəyişikliyinə əl atmaq məcburiyyətində qalıb.
Liverani daha öncə “Parma”, “Leççe”, “Ternana”, “Leyton Orient”, “Cenoa” və “Kalyari”də də baş məşqçi olub.
Artıq “Salernitana”nın yeni baş məşqçisi də məlumdur. Belə ki, A Seriyası təmsilçisi Stefano Kolantuonoya tapşırılıb. 61 yaşlı italyan mütəxəssislə bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) qədər müqavilə imzalanıb.
Kolantuono üçüncü dəfə “Salernitana”ya baş məşqçi təyin olunur. Təcrübəli mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin dekabrına kimi bu komandanı 41 oyuna çıxarıb (13 qələbə, 12 heç-heçə, 16 məğlubiyyət). 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayına qədər davam edən ikinci dönəmdə isə “Salernitana” bu məşqçinin rəhbərliyi altında 16 oyuna çıxıb (2 qələbə, 3 heç-heçə, 11 məğlubiyyət). O, 2022-ci ilin avqust ayından bəri “Salernitana”nın futbol akademiyasında çalışırdı.
Kolantuono “Kataniya”, “Peruca”, “Atalanta”, “Palermo”, “Torino”, “Udineze” və “Bari”də də baş məşqçi olub.
Qeyd edək ki, “Salernitana” bu gedişlə A Seriyasını tərk etməyə əsas namizədlərdən hesab olunur. Komandanın baş məşqçi postundakı növbəti dəyişikliyin Salerno klubunun mövsümü xilas etməsi üçün yetərli hesab olunmur.


