45 yaşlı italyan mütəxəssis Fabio Qrosso Fransanın “Olimpik” (Lion) komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az bu barədə Lion klubunun rəsmi saytına istinadən məlumat verir.
Liqa 1 təmsilçisi Qrosso ilə 1 illik və növbəti mösümə yenilənməsinin mümkünlüyü ehtimalı ilə müddəti 2024-cü il iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə bağlayıb. Qrossonun mətbuata təqdimatı sentyabrın 18-nə nəzərdə tutulub. Tədbir zamanı italyan mütəxəssisin köməkçilərinin də təqdim ediləcəyi gözlənilir.
Fabio Qrosso 2007-2009-cu illərdə futbolçu karyerasının iki ilini məhz “Olimpik”də keçirib. Fransaya gəlməzdən bir il əvvəl Qrosso 2006 Dünya Kubokunun finalında Fransa “xozular”ının qapısından oyunsonrası penaltilər seriyasından həlledici qolu keçirmişdi.
2012-ci ildə futbolçu karyerasını bitirmiş Qrosso “Yuventus”un gənclər komandasını, həmçinin “Bari”, “Verona”, “Breşiya”, “Syon” və “Frozinone” komandalarını çalışdırıb. Sonuncu iş yeri “Frozinone”də Qrosso ötən mövsüm İtaliya B Seriyasının çempionluğunu qazanıb və komandasını elitaya çıxarıb.
Xatırladaq ki, Qrosso “Olimpik”də bir həftə öncə istefaya göndərilmiş Loran Blanı əvəz edib. Sözügedən komanda onun rəhbərliyi altında 4 oyuna cəmi 1 xal toplayıb və hazırda Liqa 1-in 18 iştirakçısı arasında sonuncu pillədə qərarlaşıb.


