Lion “Olimpik”inin sabiq baş məşqçisi Fabio Qrosso klubdan qovulması ilə simasına vurulmuş zərərə görə pul təzminatı tələb edir.
Arena.az bu barədə “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir.
Xatırladaq ki, noyabrın 30-da Fransa klubu Qrossonu komandanın baş məşqçisi vəzifəsindən kənarlaşdırdığını açıqlamışdı.
Mənbənin məlumatına görə, italiyan mütəxəssis Lion klubuna güzəştə getmək və Fransa təmsilçisi ilə daha bir mövsüm uzatmaq imkanını ehtiva edən 2024-cü ilə qədər qüvvədə olan müqaviləsinə xitam vermək niyyətində deyil. İtaliya yığmasının keçmiş futbolçusu qovulmasının onun simasına və ad-sanına xələl gətirdiyini düşünür. Bu üzdən də o, Fransa klubundan 1,5-2 milyon avro məbləğində təzminat tələb edir.
Xatırladaq ki, Fabio Qrosso bu il sentyabrın 16-dan “Olimpik”i çalışdırmağa başlayıb. Əvvəllər Qrosso futbolçu karyerasının 2 ilini – 2007-2009-cu illəri Lion klubunda keçirib. Qrosso həm də bu fikirdədir ki, komanda ilə işləməyə kifaytət qədər zamanı olmayıb, Fransa klubunun rəhbərliyi komandanın gözlənilmədən düşdüyü vəziyyətdə dərhal nəticə tələbindədir ki, bu da məntiqəuyğun deyil. Üstəlik baş məşqçi Marsel “Olimpik”inin azarkeşlərinin Lion klubunun avtobusuna hücumu zamanı yaralanmış və cərrahi müdaxilə ilə üzləşmişdi.
Hazırda Lion “Olimpik”i Liqa 1-in 17 turundan sonra 16 xalla 15-ci pillədədir. Komanda mövsümün ikinci yarısında yüksək liqada yerini qorumaq uğrunda mübarizə aparacaq.
Hadisələrin inkişafı gözlənilir.


