Fabio Qrosso: “Xuliqanlarla bağlı sərt qərarlar qəbul edilməlidir”

Lion “Olimpik”inin baş məşqçisi Fabio Qrosso futbol oyunlarında təhlükəsizliklə bağlı tədbirlər çərçivəsində sərt yanaşmanın tərfdarıdır.

Arena.az “ITASportPress” dərgisinə istinadən məlumat verir ki, Qrosso çalışdırdığı komandanın avtobusunun Marsel “Olimpik”inin azarkeşlərinin hücumuna məruz qalmasından sonra futbol oyunlarında təhlükəsizlik məsələsini gündəmə gətirib:

“Marsel “Olimpik”inə və onun azarkeşlərinə qarşı heç bir qərəzim yoxdur, amma zirehli avtobus tapmaq üçün də heç bir imkanımız yoxdur. Xuliqanlarla bağlı sərt qərarlar qəbul etməlisiniz, əks halda onlar hər şeyi təkrar-təkrar edəcəklər”, deyə Qrosso vurğulayıb.

Xatırladaq ki, Fransa Liqa 1-in 10-cu turu çərçivəsində Marsel və Lion “Olimpik”ləri arasındakı oyunu, qarşılaşmanın başlamasına az qalmış meydan sahiblərinin azarkeşlərinin qonaq klubun avtobusunu daşqalaq etdiyi üçün ləğv edilib. Sonradan oyun dekabrın 6-na təyin edilib.

Xoşagəlməz hadisə nəticəsində Lion klubunun avtobusu zədələnib, Fabio Qrosso şüşə qırıqlarından ciddi xəsarət alıb. Qrossonun köməkçisi Raffaele Lonqonun da gözünə avtobusun sağ tərəfindəki pəncərə sındığı zaman şüşə qırıqları dəyib. Lion klubu idmana yaraşmayan bu hadisənin bütün komanda və onun azarkeşləri üçün ciddi xoşagəlməz nəticələrə səbəb olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: