Ferran Torres: “Mən köpəkbalığıyam!”

İspaniya yığmasının və “Barselona”nın sol vingeri Ferran Torres azarkeşlərin onu niyə köpəkbalığı ilə müqayisə etdiklərini açıqlayıb.

Arena.az “Relevo” dərgisinə istinadən, ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Bir anda futbola həvəsimi itirmişdim, heç nə etmək istəmirdim. Amma indi daha yaxşı formadayam. Mənə, qan iyini duyduğum üçün köpəkbalığı deyirlər”, deyə Torres açıqlayıb.

Xatırladaq ki, Torres İspaniya yığması ilə hazırda Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında iştirak edir.

Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsutunda “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvarında isə “Barselona” Torresi 55 milyon avro müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Torres “blauqrana”nın heyətində bütün yarışlarda 42 oyuna 11 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərədi isə belədir: 113 oyun, 25 qol, 13 məhsuldar ötürmə.

Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 44 oyun keçirib, 20 qol vurub, 4 məhsuldar ötürmə verib.

Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2022/2023) var.

İspaniya yığması ilə Ferrna Torres böyük futbolda nailiyyət əldə etməsə də, yeniyetmə və gənclər səviyyəsində – U-17 və U-19 yığmaları ilə müvafiq olaraq 2017-ci və 2019-cu illər Avropa çempionatlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ispan vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: