Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun FIDE-nin yeni reytinq cədvəlindəki mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Mart ayı üçün açıqlanmış reytinq cədvəlində Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. 9 pilləlik sıçrayışa imza atan qrossmeysterimiz 2748 xalla 11-cı pillədə qərarlaşıb.
Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir.
Siyahıya norveçli Maqnus Karlsen (2833 xal) başçılıq edir. ABŞ təmsilçisi Hikaru Nakamura (2802 xaç) ikinci, Hindistan şahmatçısı Dommaraju Qukeş (2787) üçüncüdür.
Qadınların reytinq cədvəlindəki ən yaxşı təmsilçimiz dəyişib. İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub. Buna səbəb Günay Məmmədzadənin 15 pilləlik geriləməsidir. O, hazırda 2396 xalla 51-ci sırada qərarlaşıb. Ülviyyə Fətəliyeva (2387) yeddi addım yüksələrək 57-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2358) 4 pillə irəliləyərək 85-ci olub.
Burada ilk üç pillədə çinli şahmatçılar – Yifan Hou (2633), Venyun Yu (2561) və Zonqyi Tan (2555) qərarlaşıblar.


