FIFA Nepal Futbol Assosiasiyasının üzvlüyünü dayandırdı

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası‎ (FIFA) Nepalın Ümumnepal Futbol Assosiasiyasının (ANFA) təşkilata üzvlüyünü müvəqqəti dayandırıb.

Arena.az bu barədə ali futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bu qərarla Nepal milli komandası və ölkə klubları beynəlxalq turnirlərdə iştirak hüququnu itiriblər.

Məlumata görə, qərarın qəbul edilməsinə Nepal Milli İdman Şurası (NSC) ilə ANFA arasında seçki prosesi ətrafında yaranmış münaqişə səbəb olub. FIFA vəziyyəti assosiasiyanın nizamnaməsinin “kobud şəkildə pozulması” və üçüncü tərəflərin seçki prosesinə müdaxiləsi kimi qiymətləndirib.

Qərara əsasən, ANFA FIFA üzvü kimi malik olduğu bütün hüquqları itirir. Həmçinin assosiasiya və onun nümayəndələri dünyanın ən ali futbol qurumu və Asiya Futbol Konfederasiyası tərəfindən təşkil olunan inkişaf proqramları, təlim kursları və digər tədbirlərdə iştirak edə bilməyəcəklər.

FIFA Nepal futbol qurumunun təşkilata üzvlüyünün bərpası üçün iki əsas şərt irəli sürüb. Birinci şərt Nepal Milli İdman Şurasının martın 25-də qəbul etdiyi qərarın tam və qeyd-şərtsiz ləğv edilməsidir. Həmin qərarla ANFA İcraiyyə Komitəsinin fəaliyyəti üç aylıq dayandırılmışdı. İkinci şərt isə assosiasiyaya öz nizamnaməsinə uyğun olaraq artıq başlanmış seçki prosesini başa çatdırmaq imkanı yaradılmasıdır.

Ali futbol qurumu tərəfindən ANFA prezidenti Kiran Raya ünvanlanmış məktubda vurğulanıb ki, qadağa “əlavə bildirişədək” qüvvədə qalacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: