İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi İsveçrənin “Bazel” klubundan Artur Kabralı transfer edib.
Bu barədə Florensiya klubunun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Braziliyalı futbolçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Braziliyanın “Keara” klububun yetirməsi olan Artur Kabral, daha sonra ölkəsində “Palmeyras”ın da uğurları üçün çalışıb. O, 2019-cu ildən “Bazel”də çıxış edirdi. İsveçrə təmsilçisində bütövlükdə 106 oyuna çıxan forvard, bu görüşlərdə 65 qola imza atıb.
Kabral bu mövsüm “Bazel”lə 31 oyunda 27 qol vurub. O, komandasının Avropa Konfrans Liqasında “Qarabağ”a qarşı keçirdiyi ev oyununda (3:0) 2 qol vurmuşdu.


