Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük UEFA Millətlər Liqasının qrup mərhələsinin Azərbaycanla oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında sabah keçiriləcək qarşılaşmaya hazırlıq barədə danışıb:
“Əvvəlki oyunumuzdan üç gün keçib. Buraya gəlməzdən əvvəl Malta ilə qarşılaşmışdıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. İstədiyimiz kimi hazırlıq keçmişik. Yaxşı nəticə qazanmağa çalışacağıq”.
Fünfştük Azərbaycan – Litva (1:1) oyununu izlədiyini və rəqibi analiz etdiklərini bildirib:
“Həmin qarşılaşmanı analiz etmişik. Favorit meydan sahibləridir. Rəqibin yarımmüdafiə və hücumda yaxşı oyunçuları var. Amma sabah nəticəni birlikdə görəcəyik. Hazırkı heyətimizdə zədəli yoxdur. Buraya gələndə də vaxt itkisi yaşamadıq”.
Baş məşqçi komandaların imkanları arasındakı fərqə də toxunub:
“Bizim futbolçuların böyük hissəsi müxtəlif peşə sahibləridir. Azərbaycan komandasında UEFA Çempionlar Liqasında oynayanlar var. Son dövrlərdə bizim qələbələrimizin sayı çox azdır. Lixtenşteyn dünyanın ən kiçik ölkələrindən biridir. Təbii ki, favorit rəqibdir. Amma biz əlimizdən gələni etməyə hazırıq. Özümüzü yaxşı komanda kimi göstərməyə çalışacağıq”.
Lixtenşteyn millisinin futbolçusu Alessio Hasler də qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. O, komandanın Bakıya yaxşı nəticə qazanmaq üçün gəldiyini bildirib:
“Oyuna yaxşı hazırlaşmışıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. Bura uzun səfərlə gəlmişik. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik. Rəqibin güclü və zəif tərəflərini bilirik. Əlimizdən gələni etməyə çalışacağıq”.
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda keçiriləcək Azərbaycan – Lixtenşteyn oyunu sentyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.


