Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək

Azərbaycan bu il növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında təşkil olunacaq Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.

Arena.az xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 4-5 mayda yenidən Göygöldə baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bu yarışın yenidən ölkəmizdə təşkili ilə bağlı fkirlərini bölüşüb. O bildirib ki, yarışın regionda keçirilməsi cüdo idman növünün ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır.

Rəsullu bu yarışın yeniyetmələrdən ibarət yığmanın üzvlərinin öz peşəkarlıqlarını artırmaları, həmçinin yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını da qeyd edib.

Qeyd edək ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı da təşkil ediləcək. Hazırlıq prosesi mayın 6-da başlayacaq və ayın 8-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: