Güləş üzrə Avropa çempionatı Bakıda keçiriləcək

2024-ci ildə güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək. Arena.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib.

Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin martın 2-də qəbul etdiyi qərarlar artıq qüvvəyə minib. Bu gün qurum 2023-cü ildə keçiriləcək böyüklər arasında Avropa çempionatının və 2024-cü ildə baş tutacaq U-23 Avropa çempionatının ev sahibi olacaq şəhərlərin adını rəsmən açıqlayıb.

Belə ki, gələn il böyüklar arasındakı qitə birinciliyi aprelin 17-dən 23-dək Zaqrebdə keçiriləcək. Xorvatiyanın paytaxtı ilk dəfə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.

UWW-nin prezidenti Nenad Laloviç qurumun rəsmi saytına verdiyi açıqlamada Xorvatiya Güləş Federasiyasını etibarlı tərəfdaş adlandırıb. O, Zaqrebin yarış təcrübəsinin zəngin olduğunu bildirib.

2024-ci ildə isə U-23 Avropa çempionatı Bakıda keçiriləcək. Laloviçi dinləyək: “Bakının bu yarışa ev sahibliyi etməsi gələcəkdə beynəlxalq turnirlərin Azərbaycana qayıdacağından xəbər verir. Bakıda bu il yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Bu siyahıya U-23 Avropa çempionatının əlavə edilməsi onların təşkil etmək istədikləri böyük yarışların sayını artırır”.

Qeyd edək ki, Bakıda keçiriləcək U-23 Avropa çempionatı 2024-cü il aprelin 8-dən 14-dək davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: