Güləş yığmalarımızın baş məşqçilərindən prezidentə təşəkkür

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Namiq Abdullayev bu gün prezidentlə görüşdə çıxış edib. Arena.az xəbər verir ki, yığmamızın çalışdırıcısı bunları söyləyib:

“Hörmətli Prezident, əvvəlcə bizi növbəti dəfə dəvət etdiyiniz və bizimlə yenidən görüşdüyünüz üçün sizə həm Azərbaycan Güləş Federasiyası, həm məşqçilər və idmançılar, həm də bütün güləş ailəsi adından dərin təşəkkürümüzü bildirirəm.

Bildiyiniz kimi, güləş üzrə milli komandalarımız son bir ayda iki Avropa çempionatında ölkəmizi uğurla təmsil ediblər. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında da yüksək nəticələr qazanılıb. Komandalarımız ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu olub. İki komandamızın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur.

23 yaşadək güləşçilərin Avropa çempionatından sonra bizi qəbul etməyiniz güləşçilərimiz üçün böyük stimul oldu. Bunun da nəticəsi olaraq böyüklərin Avropa çempionatında yüksək nəticə qazana bildik. Qarşıda bizi mötəbər yarışlar gözləyir. Bu il İslam Həmrəyliyi Oyunlarında, dünya çempionatında və dünya kubokunda ölkəmizi uğurla təmsil etmək üçün əlimizdən gələni edəcəyik.

Möhtərəm Prezident, bizi qəbul edib daim bizə diqqət və qayğı göstərdiyiniz üçün sizə bütün güləş ailəsi adından bir daha təşəkkürümüzü bildirirəm. Diqqətinizə görə sağ olun”.

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov da prezidentə öz təşəkkürünü bildirib:

“Hörmətli Prezident, mənim işimi yüksək qiymətləndirdiyinizə və məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə sizə təşəkkürümü bildirmək istərdim. İlham Heydər oğlu, bu medalda sizin qəlbinizin bir hissəsi də var. Siz idman üçün, gənclər üçün nə lazımdırsa, edirsiniz ki, biz çalışaq, cəhd göstərək, qalib gələk və ölkəmizi şöhrətləndirək. Sağ olun. Sizə möhkəm cansağlığı arzu edirəm”.

Prezident İlham Əliyev onun bu sözlərinə belə reaksiya verib: “Sağ olun. Medalınız mübarəkdir. Siz onu öz işinizlə, bizim hamımızı sevindirən nəticələrlə qazanmısınız. Hamınıza yeni qələbələr, yeni uğurlar arzu edirəm. Sağ olun”.

Xəbəri sosial şəbəkələrdə paylaş: