Azərbaycanın iki güləşçisi – Həsrət Cəfərov və Nihat Məmmədli Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu olub.
Arena.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Nihat Məmmədli (60 kq) finalda moldovalı dünya və Avropa çempionu Viktor Çiobanu ilə qarşılaşıb. Gənc güləşçimiz təcrübəli rəqibinə 8:3 hesabıyla qalib gələrək ilk dəfə böyüklər arasında Avropa çempionu olub.
Nihat bir gün öncə bolqarıstanlı Nedyalko Petrova (7:0), danimarkalı Nikolay Mohammadiyə (3:2), litvalı Justas Petraviçyusa (8:0) və rumıniyalı Razvan Arnauta (8:0) qalib gələrək finala yüksəlmişdi.
Həsrət Cəfərov (67 kq) isə finalda rusiyalı Ruslan Biçurinlə qarşılaşıb. 8:5 hesablı qələbəylə titulunu qoruyan 21 yaşlı güləşçimiz 2 qat Avropa çempionu ünvanına sahib çıxıb.
Cəfərov 1/8 finalda serbiyalı Sebastyan Naddan (6:1), 1/4 finalda bolqarıstanlı Abu Muslim Amayevdən (13:4), yarımfinalda isə norveçli Morten Toresendən (7:1) güclü olmuşdu.
Ülvü Qənizadə (72 kq) isə titulunu qoruya bilməyib. Güləşçimiz finalda türkiyəli Selçuk Cana 0:2 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.
Qənizadə bir gün öncə gürcüstanlı Giorgi Çxikvadzeni (2:1), fransalı Mamadassa Sillanı (4:3), ukraynalı soydaşımız Pərviz Nəsibou (5:3) məğlub etməklə finala yüksəlmişdi.
Bu gün Rafiq Hüseynov (82 kq) da təsəlliverici görüşdə gürcüstanlı Gela Bolkvadzeylə qarşılaşıb. Lakin o, bu rəqibi ilə bacarmayıb (0:9) və Avropa çempionatını medalsız başa vurub.
Xatırladaq ki, bir gün öncə yunan-Roma güləşi üzrə yığmamızın digər üzvlərindən Murad Məmmədov (63 kq) da Avropa çempionu olmuşdu. Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medal qazanmışdı.






































